Həvəslə ölkə xaricinə getmək istədiyimiz zaman Dövlət Sərhəd Xidmətində “STOP” sürprizi ilə üzləşə bilərik. Buna bank borcu, məhkəmə problemi, yaxud problemli kreditlərə zamin olmağımız səbəb ola bilər. Belə bir sürprizlə qarşılaşmamaq üçün ölkədən kənara çıxmaq istəyən hər bir şəxs heç yerə getmədən Ədliyyə nazirliyinin təqdim etdiyi “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlı elektron xidmətindən istifadə edərək ölkədən çıxış qadağasının olub olmadığını operativ şəkildə öyrənə bilər.
Qeyd olunan elektron xidmətdən həm Ədliyyə nazirliyinin saytına , həm də “Elektron hökumət” portalına müraciət etməklə yararlanmaq olar. Açılan səhifədə müvafiq xanalara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, doğum tarixinizi və təhlükəsizlik kodunu daxil edib, “Axtar” düyməsini seçməklə ölkədən getmək hüququna məhdudiyyət qoyulması barədə məlumat ala bilərsiniz. Elektron xidmət pulsuzdur.