Kəlbəcər


Kəlbəcər

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km olan rayonda bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Rayonun mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıbdır.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada “Tərtərçay” çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Rayonun səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Sevan (Göyçə), Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvəsi Camış dağı (3724) və Dəlidağdır (3616). Ərazidə Yura, Tabaşir, Paleogen, Neogen və Antropogen çökmə, vulkanogen-çökmə və vulkanik suxurları yayılmışdır. Ən böyük çayı Tərtərçay və onun qollarıdır (Lev çayı, Tutqunçay və sair). Bazarçayın da mənbəyi Kəlbəcər rayonu ərazisindədir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrinin ümumi sahəsi 32774 hektardır. Qaya keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və sair rayonun faunasını zənginləşdirir.

Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu – İSTİSUDUR.

Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında demişdir ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”. Kəlbəcərin turizm sahəsinin inkişafı üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları da var.


İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Bakıdan 460 km-lik məsafədə yerləşən Kəlbəcər şəhəri, dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 km maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiyada yerləşən “Spa Hotel Thermal”) tərkibi ilə eyni olsa da, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. O, zamanın ən körkəmli kimyaçı alimi E. E. Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta-Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu müalicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.
İstisuyun istiliyi 58,8 dərəcə C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur.

Rəsmi məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Rayonun İstisu (Kəlbəcər) qəsəbəsində keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biridir. Azərbaycan neftinin çıxarılmasına külli miqdarda vəsait xərclənir. Hətta xarici şirkətlərin köməyindən də istifadə olunur.

Təbii bulaq olan İstisuyun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq bu suyun cəmi 10 faizindən istifadə olunurdu. Müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovu Vari suyundan üstün olan İstisuya şəfa tapmaq üçün müxtəlif ölkə turistlərinin diqqətini çəlb edir.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.
Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Orda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biridir.
Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Ermənistan işğalından azad olunmuşdur. Qarabağ Azərbaycandır!

Mənbə:
Dövlət Statistika Komitəsinin məlumatları


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram