Mütləq görməli olduğunuz dünyaca məşhur 5 muzey...
Dünyanın bir çox ölkələrində tarixin müəyyən dövrlərinin şahidi olmuş, həm mədəni, həm də tarixi sərvətlərini əks etdirən müxtəlif muzeylər fəaliyyət göstərir. Dünyaca məşhur olan bu muzeylərə səfərləriniz zamanı özünüzü tarixin füsunkar ab-havasına qərq edə, həmin ölkənin və ya şəhərin keçmişdəki izlərinə yaxından şahidlik etmək şansı əldə edə bilərsiniz.
Təbii ki, bu muzeyləri eyni vaxtda görmək mümkün deyil, ancaq diqqətinizi çəkəcək və mütləq görməli olduğunuz 5 dünyaca məşhur muzeyi sizin üçün topladıq. Gəlin bu siyahıya bir nəzər salaq.
Luvr muzeyi
1793-cü ildə açılan və sahəsi 60.000 m² olan muzey Parisdə yerləşir. Bu muzey dünyanın ən böyük və ən çox ziyarət edilən muzeyidir. 2007-ci ildə muzeyi 8 milyondan çox adam ziyarət etmişdir. Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar. Əgər Parisdəsinizsə, Leonardo da Vinçi və Mikelancelo kimi məşhur rəssamların sənət əsərlərini görməyin həyəcanını yaşayacağınız bu muzeyi mütləq ziyarət etməlisiniz. 7 bölmədən ibarət bütün muzeyi ziyarət etmək təxminən 2 gün çəkə bilər; lakin əmin olun ki, dünyanın ən mühüm sənət kolleksiyalarına ev sahibliyi edən bu muzeyi görmək üçün vaxt ayırmağa dəyər.
Britaniya muzeyi Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biridir. Bu muzey 1753 – cü ildə hazırlanmışdır, lakin açılışı 1759 – cu ildə edilmişdir. Londonun ən mühüm muzeylərindən biri olan Britaniya Muzeyi demək olar ki, şəhərin simvoluna çevrilib. Dünyanın müxtəlif yerlərindən gətirilən 8 milyona yaxın dəyərli tarixi eksponatın nümayiş olunduğu muzey dörd bölmədən ibarətdir. Britaniya muzeyinin kitabxanasında 7 milyondan artıq çap edilmiş kitab, həmçinin 105 min əlyazma, təxminən 100 min xartiya (1. filol. papirus və ya perqamentdə qədim əlyazısı; 2. bu yazının yazıldığı material; 3. ictimai-siyasi cəhətdən əhəmiyyəti olan bəzi sənədlərin adı) və məktublar, 3 mindən çox isə papiruslar vardır. Britaniya muzeyinə edilən girişlərin hamısı pulsuzdur. Qeyd edək ki, muzeyin siçanlardan qorunması üçün altı ədəd pişik saxlanılır. Əgər Londonda olsanız, bəşər tarixinin izlərinə yaxından şahidlik edə biləcəyiniz bu muzeyi mütləq ziyarət etməlisiniz.
Metropoliten muzeyi Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi. Muzeydə Orta əsrlər, Afrika mədəniyyəti, Yaxın Şərq mədəniyyəti, Qədim Dövr, Qrafika və digər şöbələrdə 3 milyona yaxın eksponat saxlanılır. Bunların arasında üstünlük təşkil edən qədim Misir, Yunanıstan, Roma mədəniyyəti və Yaxın Şərq ölkələrinə aid olan eksponatlardır. İslam mədəniyyəti nümunələri kolleksiyası dünyada ən böyük kolleksiya sayılır. Uzaq Şərq ölkələri şöbəsində Çin dövlətinə məxsus rəsm əsərləri, heykəltəraşlıq nümunələri, gümüş və saxsı qablar nümayiş olunur. Bu möhtəşəm muzeydə Avropadan Asiyaya, Afrikadan Anadolu sivilizasiyalarına qədər bir çox fərqli mədəniyyətlərlə qarşılaşa bilərsiniz.
Vatikan muzeyi İtaliyanın paytaxtı Romada yerləşən və hər il milyonlarla turistin ziyarət etdiyi Vatikan Muzeyi, girdiyiniz ilk andan sizi real dünyadan uzaqlaşdıraraq valehedici nağıl dünyasına aparır. Vatikan muzeylərinin kolleksiyasının tarixi 1560-cı il yanvarın 14-də Esquiline üzüm bağlarından tapılan Laokoon və oğullarının mərmər heykəli ilə başlayır. Ümumilikdə 54 qalereyadan ibarət olan muzeydə 70 minə yaxın əsər sərgilənir. Əsrlər boyu müxtəlif papaların topladığı əsərlərin bir çoxunun özünəməxsus mənası var. 2013-ci ildə Vatikan Muzeylərini 5,5 milyon adam ziyarət etmiş və onlar ən çox ziyarət edilən muzeylər arasında beşinci yeri tutmuşlar. Hər qarışı sənətlə dolu olan bu muzeyləri gəzərkən zaman anlayışını unudacaqsınız.
Ermitaj muzeyi Ermitaj" fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Ermitajda I Pyotra həsr olunmuş xüsusi zal fəaliyyət göstərir. Burada I Pyotrun şəxsi əşyaları, portretləri, qızıl suyu ilə yazılmış qanunları, onlara bərkidilmiş tac və ikibaşlı qartal nümayiş olunur. Zalda italyan rəssamı Amikoni tərəfindən çəkilmiş portret xüsusi diqqət çəkir. Şəkildə I Pyotr dəniz və gəmilərin fonunda, qədim Romanın müharibə və müdriklik ilahəsi Minervanın müşayiətilə təsvir olunub. Ermitajda Rusiyada ən böyük vaza hesab olunan Kolıvan vazası saxlanılır. 19 ton ağırlığı olan bu vaza Kolıvan cilalama fabrikində 14 ilə hazırlanıb. Onu uzaq Altay vilayətindən Peterburqa çatdırmaq üçün 160 atdan istifadə olunub. Rusiyanın Sankt-Peterburq şəhərinə gəlib bu möhtəşəm muzeyi görmədən qayıtmamaq mümkün deyil. 3 milyondan çox əsərə ev sahibliyi edən Ermitaj Muzeyində dünyanın ən böyük və ən təsirli rəsm kolleksiyası da var. Pikassodan Leonardo da Vinçiyə qədər bir çox dünya şöhrətli rəssamların əsərlərini görə biləcəyiniz muzeyi ziyarət etmək üçün səhər tezdən getməyi tövsiyə edirik.
Yuxarıda adlarını qeyd etdiyimiz dünyaca məşhur 5 muzeyə səfərləriniz zamanı sənətin və tarixin dərin izlərini daha yaxından görmək fürsəti əldə edəcəksiniz. Səyahət etmək və dünyanın bu unikal muzeylərini görmək üçün "Terra Travel" turizm agentliyi Sizə köməklik göstərə bilər.