Hindistanda görməli yerlər...


Hindistan
(ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası Cənubi Asiyada yerləşən dövlətdir. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma ilə, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir.

Amber Fort Caypur (Kəhrəba qalası) – YUNESKO Dünya Mədəni İrs siyahısına daxildir. Kəhrəba qalası Caypurdan 11 km şimalda yerləşir. Məhz orada, Aravalli yüksəkliklərində bir zamanlar Caypur Ştatının qədim paytaxtı yerləşmişdir. Bu ecazkar qala-sarayın inşasına 1592-ci ildə maharaca Man Sinqh başlamışdır. Qala möhtəşəm saraylar, köşklər, bağlar və məbədlər kompeksidir. Bütün bunlardan daha yüksəkdə heyrətamiz qala-saray ucalır. Siz fillərin üzərində qalanın yüksək nöqtələrinə çıxarkən keçmiş zamanların sehrini hiss edə bilərsiniz. Yol boyunca musiqiçilər sizi məmnun edəcək. Maharacanın otaqlarının təpə nöqtəsindən dar keçidin heyrətamiz mənzərəsi açılır.

Chand Baori – Abaneri yaxınlığındakı pilləkənli quyu olan Çand Baori 7-ci əsrdə tikilmişdir. Çand Baori quyusu hər kəsi təəccübləndirir, çünki belə quyular ancaq Hindistanda tikilirdi. Suya çatmaq üçün aşağıya enən 3 min pilləkandan ibarət möhtəşəm tikilidir. Bu böyük və ustalıqla tikilmiş tikilinin yeganə məqsədinin insanları su ilə təmin etmək olan bir quyu olduğuna inanmaq çox çətindir.


“Ölü şəhər” Fatehpur-Sikri – YUNESKO Dünya Mədəni İrs siyahısına daxil olan Fatehpur-Sikri qırmızı qumdaşından səhralıq ərazidə İmperator Əkbər tərəfindən görkəmli keçmişə sadəcə bir baxış olaraq tikdirilmiş şəhərdir. Çox az bir müddət Böyük Moğol imperatorluğunun paytaxtı olub. Lakin sonra su çatışmazlığından sakinlər buranı tərk etmişdir. Bəlkə də məhz bu hadisəyə görə onu ilkin, orijinal gözəlliyi ilə görə bilirik.


Tac-Mahal (YUNESKO Ümumdünya Mədəni irsinə daxil olan məkan) – Tac-Mahalı Böyük Moğol imperatoru Cahan Şah öz əziz həyat yoldaşı Mümtaz xanımın xatirəsinə tikdirmişdi. Sarayı 22 il ərzində 20000 işçi tikmişdir. Minlərlə fil tikintiyə ağ mərmər daşıyırdı. Tibetdən, İrandan və Rusiyadan tacirlər sarayın bəzədilməsi üçün qiymətli daşlar göndərirdilər. Yəşəm, əqiq, malaxit, opal, obsidian və perlamut daşlarından hazırlanmış, ağappaq sarayın mükəmməl simmetriyasına ustaca işlənmiş gül ornamenti yüngüllük və azadlıq hissi bəxş edir. Aqra Fort 1565-ci ildə müdafiə qalası kimi İmperator Əkbər tərəfindən tikdirilmişdir və YUNESKO Dünya İrsi Siyahısına daxil edilmiş məkandır. Burda Cahan Şah ömrünün son illərini həbsdə, xaincə xəyanət edən oğluna görə ağappaq Tac Mahalı otağının pəncərəsindən izləyərək keçirtmişdir. Böyük qala divarları cənnəti və hindli və müsəlman ustaların möhtəşəm memarlıq abidələrini gizlədir.


Lotos məbədi – Hindistanın ən möhtəşəm məbədlərindəndir. Bazar ertələri bağlı olur. Lotos çiçəyi formasında tikilən bu məbəd ən böyük və ən gözəl Bəhai məbədidir və bütün dünyadakı bu inancın tərəfdaşları üçün simvol rolunu oynayır.


Caypur – Racastan ştatının paytaxtı, əfsanəvi ”Çəhrayı şəhər”. Maharacə II Cay Sinqh onu sarı rəngdə tikdirmişdir, lakin 19-cu əsrin ortalarında ingilis şəhzadəsi Albertin gəlişinin şərəfinə bütün binalar qonaqpərvərliyin ənənəvi rəngi olan çəhrayıya boyanmışdı.


Hava Mahal – Bu çəhrayı daşlardan olan, sütunlar və eyvanlar ilə bəzədilmiş 5 mərtəbəli bina 1799-cu ildə tikilmişdir. Oyulmuş fasaddakı minlərlə şəbəkəli pəncərədən ibarət sarayın qəribə relyefi Caypurun simvolu hesab edilir.


Cantar Mantar – 1728-ci ildə raca Cay Sinqh tərəfindən tikilmiş dünyadakı ən böyük günəş saatlarının qorunub saxlandığı qeyri adi rəsədxana, görkəmli tikilidir. Şəhər sarayı muzeylərində Moğol geyimlərinin, silahlarının və miniatür rəsmlərin gözəl kolleksiyalarını görmək mümkündür. Digər bir mədəni məkan XII – XIV əsrlərdə tikilmiş, hüsnxət ilə bəzədilmiş və Dehlidə müsəlman idarəçiliyində simvol olan 72 metrlik Qütb Minardır. Eləcə də öz gözəlliyi və enerjisi ilə insanı valeh edən, siqhlərin məbədi olan Qurudvala Banqlanı ziyarət edə bilərsiniz. Xarşita Mata (Xoşbəxtlik ilahəsi) isə başqa bir möhtəşəm orta əsr məbədidir.


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram