Bütün fəsillərdə Qızılağaç - bu qoruğun zərgəri elə təbiətin özüdür.


Qızılağac Milli Parkı Qərbi Palearktikada qışlayan və yuva salan su quşları üçün ən əhəmiyyətli yerlərdən biri hesab olunur. Qızılağac qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. Qoruğun yaradılmasında əsas məqsəd ərazidə təbii kompleksin öyrənilməsi, burada məskunlaşmış bitki və heyvanat aləminin qorunması və sayının artırılması üçün əlverişli şəraitin yaradılmasıdır.

Yaranma tarixi:

26 sentyabr, 2018-ci il

Yerləşməsi:

Lənkəran, Masallı və Neftçala rayonları

Sahəsi:

99060,0 ha

Landşaftı:

Su-bataqlıq ərazisi, Xəzər dənizi sahili

Rast gəlinən bitki növü:

Meşə

Əsas fauna növləri:

Su- bataqlıq quşları- qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, misir vağları, turac, adi soltanquş, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar,
qu quşları; digər fauna növləri-canavar, çöl donuzu, tülkü, qamışlıq pişiyi və s.

“Qırmızı kitab”a daxil olan növlər:

Qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz,
fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü

Milli Parkın iş vaxtları:

09:00 – 18:00

Qızılağaç Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Səərncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd flora və fauna növlərinin qorunub saxlanması, bərpası təbii komplekslərin mühafizəsinin güçləndirilməsi, ekoloji manitorinqin həyata keçirilməsi, eləcə də, elmi tədqiqatlar, turizm və istirahət, (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir. Ərazisi 1976-cı ildə ilk su-bataqlıq regionlarından biri kimi «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Ramsar Konvensiyasının «Ramsar Siyahısı»na daxil edilmişdir və bu səbəbdən də milli park beynəlxalq əhəmiyyətli qoruq hesab olunur.


Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Bu iqlim tipləri çox az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14,40-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20, ən isti ayın orta temperaturu isə 25,50 olur.

Milli Parkın ərazisində su-bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılmışdır. Böyük Qızılağac körfəzinin dərin sulu hissələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir.


Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir. Böyük və Kiçik Qızılağac körfəzlərində siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıq növləri vardır. Burada turac, soltan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları və s. məskunlaşmışdır.

Qızılağac Milli Parkında suda-quruda yaşayanlardan müxtəlif növ qurbağalar yaşayır. Sürunənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir.Burada məməlilərin də bir çox növlərinə təsadüf edilir. Ərazidə canavar, tülkü, çaqqal, çöl donuzu, qunduz, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır.







Turistlərin nəzərinə: 100000 hektara yaxın ərazini özündə birləşdirən Qızılağac Milli Parkı, Dövlət Təbiət Qoruğu, Qızılağac Dövlət Təbiət Yasaqlığı və dövlət torpaq ehtiyat fondu sahələrini əhatə edir.
Milli Parkın iş vaxtları: 09-00-dan – 18:00-dək.


Həftə sonunuzu Azərbaycanda gəzməli yerleri kəşf etməyə vaxt ayırmağa hazırsınız? Əmin olun, peşman olmayacaqsınız!



Loading
Erkən Rezervasiya
Terra Travel Telegram