Tətil sadəcə dəniz, qum, günəş və isti yay günləri demək deyil. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən faydalanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil. Çünki əslində qışda bir çox gözəl tətil məkanları da var. Üstəlik, ölkəmiz fəsilin dördünü də ən gözəl formada yaşayan nadir yerlərdən biridir. Artıq ölkəmizdə də qış turizminə dair uşaq və böyüklər üçün aktiv əyləncələr var və xizək sürmək, buz meydançasında sürüşmək üçün başqa ölkələrə getmək məcburiyyətində deyilsiniz.
Soyuq qış aylarında bol əyləncə və istirahətinizi təmin etmək, eyni zamanda qış fəslini daha yadda qalan etmək üçün Azərbaycanın ayrı-ayrı bölgələrində aşağıdakı xidmətlərdən yararlana bilərsiniz.
|
Aeroxizəkdə gəzinti |
|
Xizək dərsləri |
|
Dağ gəzintiləri |
|
Ziplayn (iplə yüksəklikdən keçmək) |
|
Qarda tübinq (şar vasitəsi ilə qarda sürüşmə) |
|
Qar təmizləmə maşınlarında gəzinti |
|
Hava qəsrləri |
|
Buz meydançası |
|
Kanat yolları |
|
At sürmə |
|
Uşaqlar üçün kirşələr |
|
Uşaqlar üçün qarda tübinq |
Azərbaycanda qış turizmi deyəndə ağıla gələn ilk yer Qəbələdir. Çünki bura təkcə yerli turistlərin deyil, həmçinin xaricdən gələn turistlərin ən sevimli istirahət məkanıdır. Yayı yamyaşıl, qışı isə bəm bəyaz olan bu bölgə Sizə buz üstündə xizək sürməkdən tutmuş, qar maşınları ilə adrenalin dolu istirahət təqdim edir.
Tufandağ yay-qış kompleksi, “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, "Qafqaz Karvansaray" hotelləri, “Qəbələnd” istirahət və əyləncə mərkəzi, “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ”, otel və istirahət mərkəzləri Sizin istirahətinizi yüksək səviyyədə təmin etməyə hazırdı.
Ölkəmizdə səfalı təbiəti, eləcə də tarixi memarlıq və təbiət abidələri ilə insanları cəlb edən məkanlardan biri də Qubadır. Qış turizmi, dağ-xizək xidmətlərinə tələbatın artması, eləcə də təmiz havası və Bakıya yaxınlığı bu bölgəni ölkənin əsas istirahət zonalarından birinə çevirib. Təsadüfi deyil ki, son illər bu zonada otellərin də sayı artmaqdadır.
Qubanın “Guba Olympic Complex”, “Shane Hotel Quba”, “Shahdag Hotel Guba”, “Cənnət Bağı Hotel”, “Qala Qonaq Evi”, “Xınalıq Qonaq Evi”, “Retro Otel Quba”, “Terrace Otel Guba”da, “Quba Rixos Otel” kimi istirahət mərkəzləri Sizin qış istirahətinizi təmin etməyə hazırdır.
Qubaya səyahət edərkən təkcə turizm obyektlərində deyil yerli sakinlərə məxsus evlərdə də istirahət etmək imkanınız var.
Meşələrlə örtülü dağların və dərələrin qoynunda yerləşən, şəlaləli çayları, diş donduran buz kimi soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkandır.
Ölkəmizin şimal-şərqində, Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın ən gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Yayda sərin meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.
Qış turizmi dedikdə ilk növbədə yada düşən dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksidir ki, burda xizək idmanı ilə məşğul olmaq, xizək sürmək dərsləri almaq mümkündür.
Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm İstirahət Kompleksi Qusar rayonunun mərkəzindən 32, paytaxtdan isə 210 kilometr məsafədə yerləşir.
Qusarda qonaq olan səyahət həvəskarları “Qarabulaq”, “Qayibulaq”, “Şahdağ”, “Şahbulaq”, “Qusar bulaq”, “Star Qusar” və digər istirahət mərkəzlərinin xidmətindən yararlana bilərlər.
Ölkəmizin bir çox bölgələrində olduğu kimi, turistlər qış fəslində Lənkərana da böyük maraq göstərir. Bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunmuş Lənkəran rayonunda qış turizmi üçün əlverişli şərait yaradılıb.
Cənub bölgəsi dəniz sahilində yerləşdiyi kimi həm də meşə və dağlıq ərazilərlə əhatələnib. Qış fəslində dağlıq ərazilərə yağan qarın hündürlüyü bəzən bir metri ötür. Bu da turistləri bu əraziyə cəlb edir.
Lənkəranda bu gün "Qala", "Qızıl Tac", "Dalğa" hotelləri, "Palıdlı sahil", "Bəşəru", "Xanbulan" turizm-istirahət mərkəzləri, Haftonu qəsəbəsində təbii isti su pansionatı, "Hirkan" milli parkı,”Qafqaz-Sahil” mərkəzi və s. fəaliyyət göstərir. Bu obyektlərdə turistlərə xidmət məqsədi ilə müxtəlif gəzintilər də proqramlaşdırılıb.
Qış aylarında turist axını müşahidə olunan bölgələrdən biri də Şamaxı rayonudur. Qış aylarında adətən Şamaxının Pirqulu bölgəsinə turist axını müşahidə olunur.
Qəsəbənin iqlimi, heyvanat aləmi və ən əsası tarixi abidələri qonaqların bura cəlb olunmasında başlıca rol oynayır. Yerli turistlərlə yanaşı, xarici ölkələrdən gələn turistlər də az deyil. Rayon ərazisində faliyyət göstərən 5 ulduzlu otellər qış mövsümündə rayona gələn turistlər üçün fərqli əyləncələr təqdim edir. Qeyd edək ki, bölgədə 18 istirahət mərkəzi və 3 beşulduzlu otel fəaliyyət göstərir.
Şəki ölkədə paytaxtdan sonra ən böyük turistik iqtisadi zona hesab olunur.
Şəkinin digər regionlardan fərqləndirən bir çox xüsusiyyətləri var. Yerli əhalinin ləhcəsi, insanlara münasibəti turistlərdə xoş təəssürat yaradır. Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən bu gözəl şəhərin qışı da çox füsünkardır. Ağappaq qarla örtülü meşələri, təmiz havası eyni zamanda maraqlı mətbəxi ilə seçilən Şəkini qışda görməyin başqa zövqü var. Həmçinin qarlı havada Şəki mətbəxinin ləziz dadı olan “Şəki pitisi”ni də dadmağı unutmayın.
“Şəki Palas”, Kiş kəndində, dağlıq ərazidə yerləşən “Cənnət bağı” istirahət mərkəzi, “Ümid”, “Narın qala”, Yuxarı Karvansaray mehmanxana kompleksi və digər istirahət mərkəzlərində turistlərin qış tətili günlərinin maraqlı və şən keçməsi üçün tədbirlər görülüb.
Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biri də Balakən rayonudur. Rayon Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. kimi gəzməli, görməli yerlərlə zəngindir. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Qış aylarında qarla örtülü bu meşə zolaqları əsrarəngiz gözəlliyi ilə göz oxşayır. Maraqlısı odur ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun zəngin faunası qış aylarında ov ovlamaq üçün çox əlverişlidir. Rayonun dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır. Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Yanvar ayında orta temperatur – 1,5; – 7,8 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur. Balakənin Katex şəlaləsi, Qubek – Su dönən, “Mirovaya voda”, Arılıq, Qaraçay, Siltik, Geoloji kəşfiyyat, Mazımçay, Darvazbinə, Göyəmtala, Qanıx, Qabaqçöl, Bağman bulaq, Kubçar bulaq, Aviasiya mərkəzi, İmam bulağı, İtitala, Gərəkli- Zepel bulaq – Pəri qalası, Cicixana və s. turizm marşurutları hər zaman turistləri özünə çəlb edir.