Qarşıdan yaz gəlir, sonra yay, daha sonra payız, ən sonda isə qış... Əslində, bu 4 fəslin hər biri dincəlmək üçün özünəməxsusluğa sahibdir. Yazda folklorlarla tanış ol, yayda çimərlikdə dincəl, payızda qızılı xəzəllərlə örtülmüş Paris küçələrini dolaş, qışda isə xizək sür. Ötən il pandemiyaya görə, bunları həyata keçirə bilmədik. İstirahətimizin xoş xatirələrinə qapılıb ötən illərdə çəkdiyimiz səyahət fotolarımızı paylaşdıq. İndi isə pandemiya yavaş-yavaş da olsa, bitir. Yollar açılır. Deməli, dincəlmək, səyahət zamanıdır. Amma dərd bir deyil ki, çəkəsən!
Bir çox hallarda yerli sakinlər ölkədə fəaliyyət göstərən turizm xidmətlərindən narazılıq edirlər. Onların fikrincə, otellərin qiymətləri baha, personalın xidməti olduqca zəif, nəqliyyatın təşkili isə aşağı səviyyədədir. Bir sözlə, ifadə etsək, ölkədə fəaliyyətdə olan əksər turizm şirkətləri müraciət edən vətəndaşlarla plansız işləyir.
“Terra travel” turizm şirkətinin direktoru Sevil Vələdova son illərdə turizm şirkəti kimi fəaliyyət göstərən kompaniyaların vətəndaşları aldatma hallarının çoxaldığını bildirir: “Bu gün turizm şirkəti adı altında fəaliyyət göstərən kompaniyaların çoxu vətəndaşlarla demək olar ki, heç bir müqavilə bağlamır. Təəssüf ki, bu həm şirkətin, həm də müəyyən mənada onlara müraciət edənlərin məsuliyyətsizliyindən irəli gəlir. Əgər vətəndaş hansısa bir şirkətə ölkə daxili və ya ölkə xaricində istirahət etmək üçün müraciət edirsə, mütləq müqavilə bağlayıb, həmin anlaşmanın bəndlərinə diqqət etməlidir. Əks təqdirdə problemlər yarandıqda vətəndaş haqqını tələb edə bilmir”.
Dincəlməyə gedərkən avtobus xarab olarsa...
“Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri ictimai nəqliyyatın texniki göstəriciləri, həmçinin sürücünün səhhəti ilə bağlı yarana biləcək hansısa zəmanət vermir. Yəni, müştəri turizm şirkətinə müraciət edir və səfər günü təyin olunur. Səfər zamanı nəqliyyat problemi yaşandıqda şirkətlər buna görə məsuliyyət daşımır. Müştərinin həm istirahəti, həm də istirahət üçün şirkətə etdiyi ödəniş hədər olur. Nə tibbi, nə nəqliyyat, nə də səyahət sığortası mövcuddur. Bütün bunların fonunda da şirkətlərin dələduzluğu artmaqdadır”.
Bəs problem necə həll oluna bilər?
Sevil Vələdova hesab edir ki, istifadəyə veriləcək Turizm Reyestri bu kimi problemlərin qismən də olsa qarşısını ala bilər: “Lakin əvvəldə də qeyd etdiyim kimi, turizm şirkətlərinin fəaliyyəti ilə bağlı ölkə qanunlarında ciddi boşluqlar var. Məsələn, bu gün bir neçə insan hanısa sifariş edilmiş nəqliyyat vasitəsilə istənilən bölgəyə gedib istirahət edə bilər. Amma Türkiyədə bu kimi hal mümkün deyil. Mütləq şəkildə turizmlə bağlı fəaliyyət üçün müvafiq icazə lazımdır. Turizm Reyestrinə daxil ediləcək məlumatlar əsasında yaradılacaq reytinq cədvəllərinin formalaşması bəzi turizm şirkətlərinin qanunsuz əməllərinin qarşısını müəyyən qədər ala biləcək. İnsanlar reytinq, yəni şirkətə verilən rəylər əsasında turizm şirkətlərinin ən yaxşısını seçə biləcəklər”.
Turizm Reyestri nədir və buradan hansı məlumatları əldə etmək mümkün olacaq?
Turizm Reyestri dedikdə, turizm ehtiyatları, turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə əks etdirən elektron dövlət informasiya ehtiyatı nəzərdə tutulur. Qısa şəkildə şərh etsək, reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılacaq. Yaradılacaq reystrdən otellər, turoperator və turagentlər, onların məhsulları, bəldçilər, hətta restoranlar və onların menyuları haqqında məlumatlar əldə ediləcək. Həm hüquqi, həm də fiziki şəxslər reyestrə daxil olaraq qeyd olunan məlumatlardan istifadə edəcəklər. Sözügedən reyestrin fəaliyyətinin təşkili, idarə olunması, eləcə də inkişafı Reyestrin operatoru olan Dövlət Turizm Agentliyinə həvalə olunub.
Turizm Reyestri nələri təmin etməlidir?
Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin etməlidir. Eyni zamanda, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycanın normativ hüquqi aktlarına əsasən açıq məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilməlidir.
“Turizm sənayesi subyektləri tərəfindən Reyestrə daxil edilmiş məlumatların əsasında sistem tərəfindən reytinq cədvəlləri formalaşdırılacaq”.
Bəs Turizm Reyestri nə zaman istifadəyə veriləcək?
Bununla bağlı TED.az-a danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, sözügedən elektron reyesteri yaxın zamanda əhalinin istifadəsinə veriləcək: “Hazırda Turizm Reyestri üzərində texniki işlər aparılır. Yaxın bir neçə ay ərzində Turizm Reyestri istifadəyə veriləcək”.
Ümid edək ki, elektron sistem turizm sektorundakı köklü problemləri aradan qaldıracaq. Əks təqdirdə, həqiqətən də “GƏZMƏYƏ QÜRBƏT ÖLKƏ” deyib milyardlarla vəsaiti xaricdə xərcləmiş olacağıq!
Zeynəb ƏKBƏR