Vizasız ölkə MONTENEQRO...


Bu dəfəki yazımızda Azərbaycan vətəndaşlarının Vizasız səyahət edə biləcəyi ölkələrdən biri olan Monteneqro haqqında danışacağıq. Balkan yarımadasının Adriatik sahilində yerləşən bu dövlət türkcə "Karadağ", rusca “Çernoqoriya”, italyanca “Monteneqro” adlanır.
Gözəl iqlimi, qumlu və xırda daşlı çimərlikləri, yunan-roma sivilizasiyalarının qarışığı olan mədəniyyəti və memarlıq inciləri, maraqlı gecə həyatı ilə məşhur olan Montenegro hər bir insanın görmək arzusunda olduğu möhtəşəm yerlərdən biridir.
İqlimi - Ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir.
Monteneqronun turistik sezonu həm qış, həm də yay sezonu üçün uyğundur. Turistlər qışda xizək sürmək (skiing) üçün ölkənin şimal bölgələrinə üz tuturlar. Fevral - mart aylarında sahilyanı şəhərlərdə turistlər üçün müxtəlif karnavallar, festivallar təşkil edilir və bunlar açıq havada keçirilir və ödənişsizdir. Yay ayları sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır.

Sahilyanı bölgələrdə qış sərt keçmir, ən soyuq aylar, dekabrın ortasından - fevralın ortasına kimidir. Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614 km təşkil edir. Qərbdə Xorvatiya ilə 14 km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225 km, şimal-şərqdə Serbiya və Kosovo ilə 203 km, cənub-şərqdə Albaniya ilə 172 km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300 km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6 km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73 km-dir. İlin yeddi ayı ərzində sahildəki dəniz suyunun temperaturu +12 °C ilə +26 °C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.
Ölkənin iki hava limanı var: Podgorica (paytaxt şəhər, Skadar gölü, Bar şəhəri və s. kimi görməli yerlərə yaxın şəhərdir) və Tivat (Xorvatiyaya və Monteneqronun sahilyanı şəhərlərinə yaxın şəhərdir).

1. Budva

Podqoritsadan 65 km məsafədə yerləşən və Adriatik sahilinə baxan Budva 20 min əhalisi olan kiçik bir şəhərdir. Budva uzun və gözəl qumlu çimərlikləri, qayalıqları, kiçik adaları və çox rəngarəng gecə həyatı ilə 'Monteneqronun Mayami'si kimi tanınır.
Şəhərin tarixi rayonu olan Stari Qrad hündür qala divarları ilə əhatə olunub və bir çox kafe və restoranları, suvenir mağazaları var. Şəhərdə ümumi uzunluğu 21 kilometr olan 17-dən çox gözəl çimərlik var. Becici çimərliyi və Yas çimərliyi ən məşhurlarındandır.
Sveti Stefan, Monteneqronun məşhur turistik şəhəri Budva yaxınlığında yerləşən ada kəndidir. Bu, təkcə Budva Rivierasında deyil, həm də bütün Aralıq dənizində qeyri-adi bir yerdir. “James Bond” filmlərindən xatırlaya bilərsiniz, Casino Royale filminin çəkildiyi, möhtəşəm dəniz mənzərəsi olan otel də məhz buradadır.

2. Kotor

Kotor UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış liman şəhəridir və onu dənizi və orta əsr şəhərlərini xatırladan gözoxşayan memarlığı ilə görənləri heyran edir.
Şəhərin labirint kimi görünən dar küçələrində dolaşdıqdan sonra kafelərdə dincəlməyi unutmayın. Kruiz gəmilərinin ziyarət etdiyi Kotor, nəhəng gəmilərə uyğun təbii limanı, yüksək dağları, qədim kilsələri ilə görənləri valeh edir. Kotor şəhərinin himayədarı Sveti Tripunun şərəfinə 9-cu əsrdən bəri keçirilən ənənəvi bayram olan Müqəddəs Trifon Günü fevral ayında keçirilir. 2001-ci ildən bəri hər ilin avqust ayında keçirilən rəngli yay karnavalı Kotor Karnavalı şəhərin ən məşhur tədbirlərindəndir.

3. Tivat

Tivat Kotor körfəzinin sahilində yerləşən heyrətamiz dənizkənarı şəhər kimi tanınır. Yaşıl panjurlu evlər çox gözəldir. Trg Sv. Roko meydanı, İntibah Yay Evi, müqəddəs heykəlləri ilə Çiçək Adası (Ostrvo Cvijeća) ziyarət edilməli yerlər arasındadır. Plavi Horizonti çimərlikləri və Sveti Marko adasındakı keçmiş Club Med kazarmaları Tivatda ən çox ziyarət edilən yerlərdir.
Tivat yaxınlığında kiçik bir kənd olan Gornja Lastva ənənəvi rəqs və musiqinin müşayiəti ilə tədbirlərin keçirildiyi Fiest həftəsi ilə tanınır. Tivat sahil şəhəri olduğu üçün çox gözəl çimərlikləri var. Böyük marinanın olduğu şəhərdə yay mövsümündə çoxlu lüks yaxtaların limanda dayandığını görə bilərsiniz.
Monteneqronun ikinci hava limanı burada olduğundan Kotor və Budva kimi turistik şəhərlərə çatmaq daha asandır.

4. Perast

Perast Kotor körfəzinin ən gözəl yerlərindən biridir. YUNESKO-nun himayəsində olan kiçik bir şəhər olan Perastın quruluşu olduqca təsir edicidir. Bir tərəfdən meşələrlə örtülmüş dağlar, digər tərəfdən təmiz firuzəyi dənizi və begonvillərlə bəzədilmiş möhtəşəm daş evləri ilə möhtəşəm bir qəsəbədir. Kotordan cəmi 14 km aralıda olan Perastın dar daş döşənmiş küçələri zaman-zaman pilləkənlərə çevrilib. Meydandakı köhnə saat qülləsi mütləq görməli yerlərdən biridir. Perastın girişində kiçik ağ daşlarla örtülmüş çimərlik var ki, orada şezlong və çətir pulu ödəmədən dincələ bilərsiniz.
Perast ən şərəfli dövrünü venesiyalıların hakimiyyəti altında yaşayıb. Kotor körfəzində St George və Our Lady of Rocks Perastla üzbəüz yerləşir. Müqəddəs Georgi adasında 12-ci əsrə aid Benediktin monastırı var.

5. Herceg Novi

Herceg Novi, Kotor körfəzində yerləşən Monteneqronun sahil şəhəridir. Osmanlı dövründə Castelnuovo (yeni qala) kimi tanınırdı. Kotordan Mostara getmək istəsəniz avtobusların çoxu Dubrovnikdən keçdiyi üçün Herceg Novidən Mostara gedə bilərsiniz. Herceg Novi Kotor və Budva kimi qədim şəhərdir. Şəhərin tarixi küçələrində dolaşmaq xoşdur. Saat Qülləsi, meydan və Kanlı Kula ziyarət edilməli yerlər arasındadır.

6. Podgorica

Podqoritsa ölkənin paytaxtıdır və demək olar ki, ölkədə düzənlik ərazidə tikilmiş yeganə şəhərdir. "Dağın altında" mənasını verən Podqoritsa yerli dildə Podgoritzsa kimi tələffüz olunur. Stara Varos kimi tanınan köhnə şəhər ərazisində iki məscid və bir saat qülləsi var.
Bura sahil şəhərləri ilə müqayisədə çox da məşhur deyil. Marafon, yarımmarafon və 5000 kilometrlik şəhər yarışından ibarət üç kateqoriyada keçirilən Podqoritsa Marafonu hər il oktyabr ayında beynəlxalq idmançıları bir araya gətirir.

7. Bar

Bar 'Köhnə şəhər' və 'Yeni hissə' olmaqla iki hissəyə bölünən tarixi bir rayondur. Monteneqronun Bar şəhərində yerləşən və dünyanın ən mühüm tarixi yaşayış məntəqələrindən biri kimi göstərilən Stari Bar, eyni zamanda ölkədə ən çox müsəlman əhalisi olan bölgədir. Şəhərə gələnlər burada Stari qəsrini və ətrafdakı tikililəri görə bilər, qalanın ətrafındakı suvenir dükanlarından kiçik suvenirlər ala bilərlər. Möhtəşəm mənzərələrin şahidi ola biləcəyiniz şəhərin hər bir yanı orta əsr şəhərlərini xatırladan daş konstruksiyalarla bəzədilib.

8. Çetinje

Çetinye (Cetinje və ya Cetinye), Monteneqronun keçmiş paytaxtı. Şəhərin ən məşhur və gözəl yeri Lovçen Milli Parkıdır. Beş əsrdir Monteneqronun mədəniyyət və təhsil paytaxtı olan Çetinye yaşıllığı və gözəl memarlığı ilə göz oxşayır. Monteneqronun mədəniyyət şəhəri deyə biləcəyimiz Çetinyedə Kral Nikolanın Evi, muzeylər və Ortodoks Çetinye monastırı da görülməli yerlər arasındadır. Podqoritsadan 50 km qərbdə yerləşən tarixi şəhərdə keçmiş paytaxt olduğuna görə çoxlu konsulluq binaları var. Mədəniyyət və sənət baxımından əhəmiyyətli bir yer olan Çetinyedəki keçmiş Osmanlı Konsulluğu bu gün teatr məktəbi kimi fəaliyyət göstərir. Səfirlik binalarının bəziləri hazırda kafe və ya rəsm qalereyası kimi istifadə olunur.

9. Ulcinj

Ulcinj Monteneqronun sahil-kurort şəhəridir. Şəhər Albaniya sərhədinə yaxın ərazidə yerləşir. 10828 nəfərdən ibarət əhalinin əksəriyyəti albanlardır. Ulcinj Monteneqrodakı alban icmasının mərkəzi kimi tanınır. Ulcinj dağlıq yerdə tikilmiş kiçik bir şəhərdir. Mərkəzində bir məscid var və onun yanında uzanan küçə boyu düzülmüş evlərdən ibarətdir.

10. Zabljak

Zabljak şəhəri ölkənin şimal-qərbindəki Durmitor Milli Parkı ilə tanınır. Şəhər eyni zamanda ABŞ-dakı məşhur Böyük Kanyondan sonra dünyada ikinci, Avropada isə birinci olan Tara Kanyonuna ev sahibliyi edir. Macəra həvəskarları üçün rafting, kanoe və velosiped sürmə kimi seçimləri var. Crno gölü kimi əlavə 16 fərqli buzlaq gölü olan Durmitor dağının ətrafındakı park YUNESKO-nun Qorunan Ərazilər siyahısına daxil edilib.
Qurudulmuş mal əti və pide növü olan pogeadan hazırlanan Castradina, Aralıq dənizi mətbəxinin də xarakterik xüsusiyyətlərini daşıyan Monteneqro yeməklərində mütləq dadılmalıdır. Monteneqroda fast food satan restoranlar da var. İçkilər üçün qırmızı şərab Vranac, ağ şərab Krstač və Nikšić pivəsini sınayın. Vegetarianlar zəngin salat menyularından faydalana bilərlər. Ölkə Aralıq dənizi və Şərq mətbəxinin izlərini daşıyan zəngin yemək mədəniyyəti, həmçinin dadlı qırmızı şərabları ilə diqqət çəkir.

Monteneqro kiçik bir ölkə olsa da, sahil xətti və daxili bölgələri arasında temperatur fərqləri olan bir coğrafiyada yerləşir. Monteneqroda yayda ən yüksək hava temperaturu 35-40 dərəcəyə çata bilər. Avqust ayında orta hesabla 33 dərəcə, qışda isə temperatur 9 dərəcəyə enir. Bu kiçik ölkə bura gələn hər bir insanı valeh edir. Siz də bu ölkəyə səyahət etmək, onun gözəlliklərinə heyran olmaq istəyirsinizsə Terra Travel turizm agentliyinə müraciət edə bilərsiniz.

Terra Travel - Dünyanı bizimlə kəşf edin!


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram