Roma Forumu (Latince: civitatem centrum) Qədim dövrlərdə Roma Forumunun hazırki yerləşdiyi yer e.ə 8-ci əsrə qədər dəfn üçün istifadə olunan bataqlıq idi. Daha sonra ərazi quruduldu, ictimai mərasimlər və məclislər bölməsi olan yerdə bazar tikilməyə başlandı. Respublikaçıların hakimiyyəti dövründə Forum yeni görkəm aldı. Roma və Karfagen arasındakı müharibələrin baş verdiyi bölgədə Kastor və Polluks məbədi yenidən quruldu, yeni yollar və bazilikalar tikildi. Forum Roma elitasını tərənnüm edən abidələr və heykəllərlə bəzədilmişdi. Avqustun hakimiyyəti dövründə meydanın əhatəsi çox genişləndi. Sonralar xristianlığın meydana çıxması ilə burada kilsələr tikildi .8-ci əsrdə Forum öz ilkin məqsədini itirdi və tənəzzülə uğradı. Roma imperiyası dağıldıqdan sonra, tərk edilmiş bölgə müharibələr və bəzi digər faktorlar nəticəsində aşındı. Arxeoloq Karlo Feanın başçılığı ilə 1803-cü ildə başladılan qazıntılar nəticəsində Roma Forumu, təxminən 100 il sonra işıq üzü gördü və hal-hazırda dünyanın hər yerindən gələn səyahətçiləri cəzb edir.
Müqəddəs Mələk Qəsri (ital. Castel Sant'Angelo) İmperator Adrian özü və ailəsi üçün əsl imperator məzarı istədiyi üçün 135-ci ildə indi Müqəddəs Mələk Qəsri adlandırılan məqbərənin tikilməsini əmr etdi. Onun Tibr çayının sahillərində qar kimi ağ mərmərdən tikilməsi ilə bağlı qeydlər qalıb. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 metr olan silindrik formada inşa edilmişdir. Həmçinin burada Adriandan əlavə bir çox imperatorların qəbirləri yerləşmişdir.
Çətin zamanların birində məqbərə qalaya, sonra isə həbsxanaya çevrilmişdi və fəaliyyəti dövründə buradan sadəcə cəmi 1 nəfərin qaçmağa müvəffəq olmuşdu. Əfsanəyə görə, bir gün baş Arxangel Mixail Papa Böyük Qriqorinin qarşısında binanın zirvəsində göründü. O qılıncını qınına saldı və bu, o zaman 6-cı əsrdə əsas problem olan vəba epidemiyasını və digər bütün çətinlikləri sona çatdırdı. Həmin gündən sonra həmin məqbərə Müqəddəs Mələyin Qəsri kimi tanınmağa başladı.
Trevi Fontanı (lat. Fontana di Trevi) Trevi fəvvarəsi Romada yerləşən ən böyük fəvvarədir. 25,9 metr hündürlüyü və 19,8 metr eni ilə dünyanın ən məşhur fəvvarələrindən biri hesab edilir. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir. Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır.
Bir çox filmlərdə, o cümlədən “Roma tətili” filmində təriflənən fəvvarə hər il yüzlərlə turisti cəlb edir. Burada ən əsası ritualı düzgün yerinə yetirməkdir. Yenidən Romaya dönəcəyinizə əmin olmaq üçün fəvvarəyə bir sikkə atmaq lazımdır. Yarını tapmaq üçün ziyarətçi iki sikkəsini ayırmalı olacaq. Bundan əlavə, üç sikkə toyu, dördü isə zənginliyi simvollaşdırır.
Piza Qülləsi (it. Torre pendente di Pisa) Əgər insanların niyəsə əllərini özlərinə doğru geri çəkdiyini görmüsünüzsə, deməli siz Piza qülləsinin yanındasınız. Onlarla əyilmiş qüllə var, lakin dünya şöhrəti qazanan Piza qülləsidir. Layihə səhvləri, boş torpaq və zəif təməllər səbəbindən elə tikinti mərhələsində əyilməyə başlamışdı. İllər keçdikcə o, getdikcə daha çox əyildi, lakin bir çox bərpa işləri sayəsində bunun qarşısı alındı. 20 il ərzində qülləni 4 sm düzəltmək mümkün olub, zirvənin şaquli istiqamətdə kənara çıxması isə demək olar ki, 5 metrdir.
Piza Katedralı (Duomo di Pisa) Bu Katedral Piza qülləsinin yaxınlığında yerləşir. 9 əsrdən daha çox yaşı olsa belə hələ də öz cazibəsini itirməmişdir. Möhtəşəm və özünəməxsus şəkildə bənzərsiz xarici və daxili dizayn istər-istəməz bütün ziyarətçiləri ovsunlayır.
Məbəddə müsəlman üslubunun xüsusiyyətləri - zolaqlı sütunlar, xristian kilsələri üçün xarakterik olmayan elliptik günbəz və bir çox yarımdairəvi tağlar mövcuddur. Sütunlar əslində Palermoda dağıdılmış müsəlman məscidindən gətirilib. Katedralın ən dəyərli və gözəl xəzinəsi isə əsas apsidada yerləşən 1302-ci ilə aid mozaikadır.
Təəssüf ki, 1595-ci ildəki yanğına görə katedralın orijinal interyeri məhv oldu. Lakin yeni rəsmlər və mozaikalar da şah əsəri oldu. Şübhəsiz ki, bununla da katedrala yeni və fərqli bir gözəllik qatdılar.