Misirin ən məşhur və turistik bölgələrindən biri, Sinay yarımadasının cənubunda yerləşən
Şarm Əl-Şeyx ağ qumlu çimərlikləri, dumduru suları və mərcan rifləri ilə tanınır.
Şarm Əl-Şeyxdə görüləcək və ediləcək çox yer var, gəlin bir yerdə baxaq.
Şarm Əl-Şeyxə səyahət etmək üçün ən uyğun zaman
Şarm Əl-Şeyxə ilin istənilən fəslində, istənilən ayında səyahət edə bilərsiniz, yəni bura səyahət etmək üçün ən gözəl vaxt elə sizin seçdiyiniz, sizə uyğun olan vaxtdır. Lakin bir önəmli məsələ var ki, o da nə zaman gedirsiniz gedin, mütləq şəkildə günəş kreminiz yanınızda olsun.
Noyabr ayının sonundan fevral ayına qədər olan müddət istisna olmaqla (havanın temperaturu aşağı düşdüyü üçün), Şarm Əl-Şeyxdə ilin çox hissəsi hava isti və günəşli keçir. Hətta yay fəslində havanın temperaturu 40 dərəcədən çox ola bilir.
Mart – May və ya Sentyabr – Oktyabr aylarında da Şarm Əl-Şeyxə səyahət edə bilərsiniz, bu zamanlar turistlərin sayının daha az olması ilə çimərliklərdən, açıq havada təşkil olunan əyləncəli tədbirlərdən daha çox zövq alacaqsınız.
Ən çox ziyarət edilən yerlər
Misirin ən gözəl çimərlikləri Şarm Əl-Şeyxdə yerləşir və çimərlikləri, su idmanlarını sevən hər kəs üçün bura səyahət etmək çox maraqlı olacaq.
Misirlə bağlı məqaləmizə buradan keçid edə bilərsiniz.
1. Ras Məhəmməd Milli Parkı
Ras Məhəmməd Milli Parkı Şarm Əl-Şeyxə 20 km məsafədə yerləşir. Qırmızı dənizin tacı hesab olunan bu parkda dünyanın ən gözəl mərcan rifləri və dəniz canlıları mövcuddur. Əgər okean sularının flora və faunası sizə maraqlı gəlirsə və səhhətiniz buna imkan verirsə, xüsusi tur rəhbərlərinin təşkil etdiyi turlara qoşula bilərsiniz. Nəticədə su altı dünyanın bir qismini kəşf etmiş olacaqsınız və möhtəşəm mənzərələrə şahid olacaqsınız, həmçinin, burada yaşayan təxminən 250 növ mərcan və 1000 balıq növünə rast gələ bilərsiniz.
2. Naama Körfəzi
Valehedici çimərliyi və rəngarəng gecə həyatı ilə tanınan Naama Körfəzi Şarm Əl-Şeyxin ən məşhur və turistlərin daha çox ziyarət etdiyi bölgələrindən biridir. Gündüzlər dumduru suyunda üzə bilərsiniz və hətta təşkil edilən müxtəlif su oyunlarını oynayaraq gününüzü daha əyləncəli keçirə bilərsiniz. Gecələr isə palma ağacları ilə əhatə olunmuş çoxlu sayda kafe və restoranlarda fərqli təamlarda yeməklər yeyə bilər, ailəniz və dostlarınızla əyləncəli bir gecə keçirə bilərsiniz.
3. Köhnə Bazar
Bura yerli əhalinin mədəniyyəti, inancları və alış-verişlə maraqlanan hər kəs üçün maraqlı ola bilər və mütləq gedib görməyinizi tövsiyyə edirik. Burada ailənizə, dostlarınıza xatirə qalması üçün hədiyyəlik əşyalardan, yeməklərinizə fərqli dad qatması üçün müxtəlif baharatlardan və digər yerli məhsullardan ala bilərsiniz. Əlişlərindən tutmuş suvenirlərə qədər, paltardan tutmuş zinət əşyaları və aksesuarlara qədər hər şeyi satan mağazalara rast gələ bilərsiniz.
4. Köpəkbalığı Körfəzi
Bu körfəz möhtəşəm sualtı həyatı və mərcan rifləri ilə məşhurdur. Burada sualtı canlıları, onların yaşadıqları mühiti kəşf etmək istəyirsinizsə, Naama körfəzində olduğu kimi dalğıcla suya eniş edə bilərsiniz. Körfəzin tərtəmiz sularında balıq, delfin və hətta köpəkbalıqları da daxil olmaqla müxtəlif dəniz canlılarını görə bilərsiniz, təbii ki, köpəkbalıqlarından qorxmursunuzsa. :D Bundan əlavə, çimərlikdə dincələ-dincələ möhtəşəm mənzərədən həzz ala bilərsiniz.
5. Müqəddəs Ketrin Dağı
Dünyada məşhur olan Müqəddəs Ketrin dağı Misirin 2629 metr hündürlüyündə olan ən hündür dağıdır. Dağların zirvələrinə çıxmağı sevən insanlar üçün, xüsusilə də, alpinistlər üçün günəşin çıxmağı və batmağını Misirin çöl mənzərəsində seyr etmək, düşünürük ki, əla fürsətdir və sizlər üçün çox unudulmaz bir macəra olacağından heç şübhəmiz yoxdur. Əgər alpinist deyilsinizsə, narahat olmayın, sizi zirvəyə aparacaq kanat da var.
Gizli Yerlər
Şarm Əl-Şeyxə turist axını çox olsa da,
kəşf ediləcək çox gizli və insanı heyran edən yerlər var. Ora səyahət etdiyiniz zaman
bu 5 yerə getməyinizi tövsiyə edirik.
1. Nabq Körfəzi
Əgər hər şeydən uzaqlaşıb sakit və hüzur tapacağınız yer axtarırsınızsa, Nabq Körfəzi elə sizə görədir. Turistlərin, insanların az olduğu bir çimərlikdir və istirahət etmək, açıq havada narın qumun üzərində uzanıb, dumduru və ilıq suda üzüb həzz almaq üçün ideal bir yerdir.
2. Dahab şəhəri
Şarm Əl-Şeyxdən 1 saatlıq məsafədə olan Dahab şəhəri Qırmızı dənizin sahili boyu, Sinay yarımadasının cənub-şərqində yerləşir. Macəra sevərlər üçün, su idmanlarını etmək üçün və ya sahildə istirahət etmək üçün məşhur və bir o qədər də möhtəşəm bir şəhərdir.
3. Rəngli Kanyon
Fərqli macəralardan zövq alanlar üçün başqa bir məkan yenə tövsiyə edirik.
Sinay yarımadasının təbii möcüzələrindən biri də bir sıra rəngli qayalıqlardan ibarət Rəngli Kanyondur. Siz buranı gəzə-gəzə neçə milyon illik eroziyanın yaratdığı və dünyada yeganə olan geoloji formalara heyran qala bilərsiniz. Bəzi insanlar bunu 40 və 80 metr hündürlüyə malik əfsanəvi qayalardan ibarət labirint kimi təsvir edirlər. Qayalıqların rəngi tünd qırmızı və narıncıdan, sarı və ağa qədər dəyişir. Bu heyrətamiz qayalıqları bizim təsvir etməyimiz kifayət etmir, onların gözəlliyinə inanmağınız üçün gözlərinizlə görməlisiniz.
4. Mavi Dəlik
Bura əsasən okean sularının dibinə enməyi sevənlər arasında məşhur bir yerdir. Bura Dahab şəhəri yaxınlığında Qırmızı dənizin sahilində yerləşir və suyun dərinliyi 120 metrdir. Təbii şəkildə yaranmış olan Mavi Dəlik rəngli mərcan rifləri və müxtəlif dəniz varlıqlarından ibarətdir. Məşhur olmasına baxmayaraq sizə nəzarət edən tur rəhbəri olmadan suyun altına eniş etməyinizi tövsiyə etmirik.
5. Yekaterina Monastrı
Sinay dağının ətəklərində yerləşən Müqəddəs Yekaterina Monastrı dünyanın ən qədim xristian monastrlarından biridir və
YUNESKO tərəfindən dünyanın xəzinəsi hesab edilir. Monastr özünəməxsus quruluşa malikdir və qədimi əlyazmaları ilə məşhurdur. Monastrı ziyarət edənlərə Müqəddəs Yekaterina dağının təpəsindən möhtəşəm bir gün doğuşunu seyr etməyi tövsiyə edirik, daha sonra isə monastrın ərazisini gəzib kəşf edə bilərsiniz və onun tarixi haqqında məlumatlar əldə edə bilərsiniz.
Şarm Əl-Şeyxdə ediləcək şeylərin siyahısı
1.
Sualtı dalış – Qırmızı dənizdəki ən məhşur sualtı dalış yerlərindən biri Şarm Əl-Şeyxdir.
2.
Safari turu – Şarm Əl-Şeyxin çöl mənzərələrini kəşf etmək üçün safari turu əla seçimdir.
3.
Dəvə ilə gəzinti – Çöllük ərazilərdə dəvələrlə gəzintiyiə çıxa bilərsiniz və bu zaman gördüyünüz möhtəşəm mənzərə sizi valeh edəcək.
4.
Delfinlərlə üzmək – Bəzi turlar var ki, onlar dəniz sularında delfinlərlə birgə üzmək və həmçinin, sevginizi onlara hiss etdirmək imkanı verir.
5.
Bədəvi şam yeməyi – Ulduzların və Misir musiqilərinin sədaları altında ailəniz və sevdiklərinizlə birgə yerli əhalinin ənənəvi şam yeməyi olan bədəvi şam yeməyini yeyə bilərsiniz.
6.
Sualtı gəmi ilə gəzinti – Bu möhtəşəm gəzinti üçün müvafiq yerlərdən əvvəlcədən rezervasiya etməyinizi tövsiyə edirik. Gəzinti zamanı okean sularının dərinkliklərində yaşayan canlıları seyr etmək şansınız olacaq.
Siz də Şarm Əl-Şeyxdə əyləncəli vaxt keçirmək istəyirsinizsə, bizə müraciət edin!